1. Anlayışlar
1.1. Proqram təminatı – Hesabatların insan müdaxiləsi olmadan avtomatik toplanması, işlənməsi və hazırlanmasını təmin edən modul.
1.2. Xidmətlər – Proqram təminatının quraşdırılması və sazlanması, Proqram təminatının istifadəsi üzrə məsləhətlər və İT üzrə texniki dəstək;
1.3. Proqram təminatından istifadə hüququ Müqavilə əsasında Müştəriyə təqdim edilən, Proqram təminatından müqavilənin qüvvədə olduğu müddət ərzində və yalnız müqavilədə nəzərdə tutulan məqsədlər üçün istifadə etmək səlahiyyətidir. Bu hüquq Proqram təminatına mülkiyyət hüququnun verilməsini ehtiva etmir və Müştəriyə Xidmət Müqaviləsi ilə açıq şəkildə icazə verilən hüquqlardan başqa Proqram təminatının mənbə koduna müdaxilə etmək, onu dəyişdirmək, yenidən yazmaq, üçüncü şəxslərə ötürmək və ya kommersiya məqsədləri ilə təqdim etmək səlahiyyəti vermir;
1.4. Veb interfeys – Proqram təminatı üzrə xidmətlərə internet üzərindən istifadəçi interfeysi;
1.5. Proqram interfeysi – Modullar üzrə xidmətlərə daxil olaraq istifadə etmək üçün fərdi kompüterdə quraşdırılan proqram təminatı;
1.6. “Abunəlik” müəyyən edilmiş müddət ərzində Proqram təminatından istifadə etmək hüququ deməkdir;
1.7. İT texniki dəstək – dəstək xidmətlərinə bunlarla məhdudlaşmayaraq aşağıdakılar daxildir: hesabların yaradılması: qeydiyyat, hesab məsələləri; xidmət və proqram təminatının yenilənməsi; proqram təminatının konfiqurasiyası; Müştərinin nəzarəti çərçivəsində yaranan performans problemləri; Müştərinin şəbəkə bağlantısı və iş masası ilə bağlı məsələlər; və Müştərinin nəzarəti çərçivəsində xidmətin mövcudluğu üzrə məsələlər;
1.8. Eskalasiya dəstəyi – Proqram təminatının istifadəsi ilə əlaqədar olaraq vergi məsləhətləri və mühasibat uçotu xidmətlərinin göstərilməsini nəzərdə tutur;
1.9. Avtomatik uzadılma – abunəliklər Müqavilədə göstərilən müddətə uyğun olaraq hər bir dövrün sonunda ödəniş əsasında yenilənəcəkdir;
1.10. Proqram təminatından istifadə hüququnun təhvil verilməsi Müştəriyə inzibati giriş məlumatlarının elektron poçt vasitəsilə və ya yazılı (kağız) formada təqdim edilməsini ifadə edir;
1.11. İcraçı – Proqram təminatından istifadə hüququ və/və ya dəstək xidmətlərini təqdim edən səlahiyyətli hüquqi şəxs;
1.12. Müştəri – Proqram təminatından istifadə hüququnu yalnız öz daxili sahibkarlıq fəaliyyəti üçün əldə edən fiziki və ya hüquqi şəxs;
1.13. “İstifadəçi” – Müştərinin inzibatçı hüquqlu istifadəçisi tərəfindən Modullar üzrə Web Interface və/və ya Modullar üzrə Desktop Interface vasitəsilə yaradılmış, sistemdə email ünvanı əsasında identifikasiya olunan və parol ilə autentikasiya edilən, Xidmət Müqaviləsi üzrə Proqram təminatına daxil olmaq və ondan Müştərinin tapşırıqları çərçivəsində istifadə etmək hüququna malik fiziki şəxs;
1.14. Ərazi – Azərbaycan Respublikası;
1.15. Tətbiq edilən hüquq – Xidmət Müqaviləsini tənzimləyən Azərbaycan Respublikasının qanunvericiliyi.
2. Bəyanatlar və zəmanət
2.1. İcraçı, Xidmət Müqaviləsi üzrə təqdim etdiyi Proqram təminatından istifadə hüququ və Xidmətləri təqdim etmək hüququna malik olmasına təminat verir.
2.2. İcraçı bəyan edir və təminat verir ki, Xidmət Müqaviləsi çərçivəsində təqdim edilən Proqram təminatı orijinaldır və istifadə funksionallığını və məqsədini pozacaq qüsurlardan azaddır.
2.3. Müştəri bəyan edir ki, xidməti əldə etməzdən əvvəl Xidmətin funksionallığı, texniki imkanları və istifadəyə dair məlumatlarla əvvəlcədən tanış olmuşdur. Müştərinin öz qiymətləndirməsinə əsasən Xidmətin funksionallığının onun daxili biznes ehtiyaclarını tam və ya müəyyən hissədə qarşılamaması halında İcraçı bu xüsusda heç bir məsuliyyət daşımır.
2.4. Müştəri bəyan edir və zəmanət verir ki, İcraçı tərəfindən müəyyən edilmiş istifadə qaydalarına, tələblərinə və şərtlərinə tam əməl edəcək və müəllif hüquqlarını və ya digər əqli mülkiyyət hüquqlarını pozan hər hansı fəaliyyətlə məşğul olmayacaqdır.
2.5. Müştəri bəyan edir ki, İcraçı Müştərinin Xidmətdən istifadəsi faktından reklam və marketinq məqsədləri üçün istifadə edə bilər. Bu məqsədlə İcraçı Müştərinin adını, loqosunu və Xidmətdən istifadə statusunu öz internet səhifəsində, təqdimat materiallarında və ya digər marketinq resurslarında göstərə bilər.
3. İstifadə qaydası
3.1. İcraçı Müştəriyə xidmət Müqaviləsində göstərilən şərtlər əsasında Proqram təminatından istifadə etmək üzrə qeyri-müstəsna, ötürülməz hüquqların verilməsini, xidmətdən istifadə üçün zəruri istifadəçi interfeysləri təmin etməyi və bununla əlaqədar Xidmətlərin göstərilməsini təmin etməyi öz öhdəsinə götürür. Müştəri isə bu hüququ qəbul etməyi və xidmət Müqaviləsində nəzərdə tutulmuş şərtlərlə ödəniş etməyi öhdəsinə götürür. Xidmət Müqaviləsi çərçivəsində Müştəri həmçinin Xidmətdən istifadə üçün nəzərdə tutulmuş Məhsulun Desktop Interface proqram təminatından istifadə hüququnu və Məhsulun Web Interface vasitəsilə veb-interfeysə giriş hüququnu əldə edir.
3.2. Müştəri Proqram təminatından yalnız öz sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə edəcəkdir.
3.3. Müştəri Proqram təminatından qanunsuz istifadəsinə görə məsuliyyət daşıyır. Xidmətdən hər hansı digər məqsədlər, o cümlədən sistemdən sui-istifadə (“system abuse”), tərsinə mühəndislik (“reverse engineering”) və ya bu mahiyyətli digər hərəkətlər məqsədilə istifadə olunması qəti qadağandır və İcraçı tərəfindən Xidmətdən istifadə hüququnun dərhal dayandırılmasına əsas verir. Müştəri Proqram təminatından qanunsuz istifadə etdikdə, İcraçıya dəymiş bütün birbaşa və dolayı zərərlərə görə tam məsuliyyət daşıyır.
4. Müqavilə üzrə Hesablaşmalar
4.1. Müştəri Xidmət Müqaviləsi üzrə göstərilən proqram təminatı xidmətləri üçün ödənişi nağdsız qaydada həyata keçirir.
4.2. Xidmət müddətinin başa çatmasına müəyyən müddət qalmış İcraçı Müştərini bu barədə xəbərdar etməlidir. Müştəri növbəti ay üçün ödənişi icra etmədikdə Proqram təminatından istifadə hüququ məhdudlaşdırılır və xidmətin göstərilməsi dayandırılır.
4.3. Müştəri Proqram təminatından istifadə hüququnun dayandırılması ilə bağlı heç bir təzminat və ya tələb irəli sürə bilməz. Proqram təminatından istifadə hüququ yalnız ödəniş həyata keçirildikdən sonra bərpa edilir.
4.4. İcraçı, Müştərinin Xidmətdən abunəlik əsasında istifadə etməyə başladığı tarixdən ən azı 1 (bir) il keçdikdən sonra, Xidmət Müqaviləsinin uyğun bəndi ilə müəyyən edilmiş xidmət haqqını birtərəfli qaydada, lakin maksimum ___% həcmində artırmaq hüququna malikdir. Belə artım qüvvəyə minməzdən əvvəl İcraçı bu barədə Müştərini ən azı 30 (otuz) təqvim günü əvvəlcədən yazılı şəkildə məlumatlandırmalıdır.
5. Dəstək xidməti
5.1. İcraçı, Xidmət Müqaviləsinin qüvvədə olduğu müddət ərzində Müştəriyə Proqram təminatından istifadə ilə bağlı yaranan texniki problemlərin aradan qaldırılması məqsədilə 24/7 rejimində onlayn texniki dəstək xidməti göstərməyi öhdəsinə götürür. Texniki dəstək xidməti aşağıdakı kanallar vasitəsilə təqdim edilir: elektron poçt, onlayn müraciət sistemi və/və ya digər elektron kommunikasiya vasitələri.
5.2. İcraçı texniki dəstək çərçivəsində Proqram təminatının funksionallığı ilə bağlı metodiki və texniki dəstəyin göstərilməsi, Proqram təminatının düzgün istifadəsi ilə bağlı Müştərinin müraciətlərinə cavab verilməsini təmin edir.
5.3. Texniki dəstək xidməti Proqram təminatının Müştəri tərəfindən bu Müqavilənin şərtlərinə zidd istifadə edilməsi, üçüncü şəxslərin müdaxiləsi, eləcə də İcraçının məsuliyyət dairəsindən kənar olan hallarda yaranmış nasazlıqlara şamil edilmir.
6. Proqram Təminatının İstifadəsi
6.1. Müştəriyə təqdim olunan Xidmətin istifadəçi təlimatları, metodiki göstərişlər və digər əlaqəli sənədlər Müştəri tərəfindən onlayn olaraq İDRİS sistemi vasitəsilə əldə edilir və Müştəri bu sənədlərdən Xidmətdən istifadə məqsədilə yararlana bilər.
6.2. Proqram Təminatı və onunla bağlı istənilən sənədləşmə “olduğu kimi” və “mövcud olduğu qədər” prinsipi əsasında, heç bir açıq və ya dolayı zəmanət olmadan təqdim edilir. Müştərinin daxil etdiyi məlumatlar əsasında Proqram Təminatının istifadəsindən və ya işləməsindən yaranan bütün risklər, yəni vergi hesabatlarının düzgün tərtib olunmaması və bu səbəbdən vergi orqanı tərəfindən əlavə vergi məbləğlərinin və maliyyə sanksiyalarının hesablanması halları üzrə məsuliyyət Müştərinin üzərinə düşür.
6.3. Xidmət Müqaviləsi çərçivəsində təqdim edilən Proqram Təminatı standart məhsuldur və Müştəriyə məlumdur ki, heç bir proqram təminatı bütün hallarda və kombinasiyalarda qüsursuz olmur.
6.4. Proqram təminatında təkrarlana bilən hər hansı bir səhv və ya qüsur aşkar edildikdə və ya aşkar edilməli olduqda, Müştəri dərhal İcraçını yazılı şəkildə məlumatlandırmalı və həmin səhv və ya qüsuru dəqiq göstərməlidir.
6.5. İcraçı bütün mümkün səylərini göstərərək, Proqram təminatının ən son versiyasında təkrarlana bilən səhv və ya qüsurları aradan qaldırmağa çalışacaqdır.
6.6. Proqram təminatında saxlanılan bütün məlumatların, konfiqurasiyaların və parametrlərin ehtiyat nüsxəsinin çıxarılmasına görə yalnız Müştərinin özü məsuliyyət daşıyır.
6.7. İcraçı Müqavilə müddəti ərzində Proqram Təminatının fasiləsiz işləməsini təmin edir və Proqram Təminatının 99.9% fəaliyyət göstərməsinə dair öhdəlik götürür. Bu göstəriciyə İcraçının əvvəlcədən elan etdiyi planlı texniki işlər və fors-major hallar istisna edilir.
6.8. Müştəri, Desktop Application-in İcraçı tərəfindən təqdim edilmiş texniki göstərişlərə və təlimatlara uyğun şəkildə quraşdırılmasını və fasiləsiz işləməsini təmin edir.
6.9. İcraçı müvafiq qanunvericilik aktlarında və normativ sənədlərdə baş verən dəyişiklikləri izləməli və Proqram Təminatının funksionallığında tələb olunan yeniləmələri ən geci 1 (bir) ay müddətində tətbiq etməlidir.
6.10. Proqram Təminatı Müştəri tərəfindən yalnız Azərbaycan Respublikası ərazisində istifadə oluna bilər. İcraçı Proqram təminatının və Xidmətin funksionallığını yalnız Azərbaycan Respublikasının ərazisində təmin edir.
6.11. Xidmət müddəti başa çatdıqda və ya Müştəri Xidmətdən imtina etdikdə, Müştəri öz məlumatlarını Sistemdən müstəqil şəkildə götürə bilər və ya məlumatların götürülməsi üçün İcraçının texniki dəstəyinə müraciət edə bilər.
6.12. Xidmət müddətinin bitməsi və ya xidmətin dayandırılması halında Müştəri məlumatlarının Sistemdən çıxarılması başa çatdıqdan sonra Müştəriyə məxsus məlumatlar İcraçının sistemlərindən bir ay müddətində silinir.
7. İstifadəçilərin Sayı və İstifadəçi Hesablarının İdarə edilməsi
7.1. Müştəri Proqram Təminatından istifadə hüququna malik ən çox 2 sayda İstifadəçi təyin edə bilər. Qeyd ediləndən daha çox istifadəçi sayı olduqda hər bir əlavə istifadəçi üçün Müştəri standart xidmət haqqına əlavə olaraq hər istifadəçi üzrə ayrıca ödəniş etməlidir.
7.2. Müştərinin istifadəçiləri sistemdə email ünvanı əsasında formalaşdırılmış istifadəçi adı ilə identifikasiya olunur və parol vasitəsilə autentikasiya edilir. Bu istifadəçi hesabları və onlarla bağlı bütün məlumatların sahiblik hüququ İcraçıya məxsusdur.
8. Texniki Dəstək
8.1. İcraçı Proqram təminatının ilkin quraşdırılmasını və istifadəyə dair təlimat təqdim edir.
8.2. İcraçı, texniki dəstək də daxil olmaqla, Proqram Təminatı ilə bağlı bütün məsələlərdə Müştərinin ilkin müraciət nöqtəsi hesab olunur.
8.3. İcraçı, Müştəriyə İT üzrə texniki dəstək xidmətlərini məhdudiyyətsiz şəkildə, zərurət yarandıqda onlayn qaydada göstərməklə təmin edir.
8.4. Texniki dəstək almaq üçün Müştərinin İstifadəçisi Xidmətin istifadəçi interfeyslərində müvafiq funksionallıq vasitəsilə dəstək sorğusu (ticket) yaratmalıdır.
8.5. İcraçı dəstək sorğusuna ən geci 1 (bir) saat ərzində ilkin cavab verməlidir. İcraçı sorğuda tələb olunan metodiki dəstəyi ən geci 2 (iki) iş günü ərzində təqdim etməlidir. İcraçı sorğuda qeyd edilmiş proqram təminatı səhvlərini ən geci 5 (beş) iş günü ərzində aradan qaldırmalıdır.
8.6. İcraçı Proqram Təminatının davamlı inkişafını təmin etmək, o cümlədən texniki problemlərin və uyğunsuzluqların aradan qaldırılması üçün bütün mümkün səylərini göstərəcəkdir və öz mülahizəsinə əsasən, Proqram Təminatına dəyişikliklər etməyə haqlıdır.
9. Əqli Mülkiyyət Hüquqları
9.1. Proqram Təminatı üzrə bütün əqli mülkiyyət hüquqları yalnız İcraçıya məxsusdur. Müştəriyə Proqram təminatından yalnız istifadə hüququ verilir, mülkiyyət hüququ verilmir.
9.2. İcraçı Proqram Təminatı, onun yeniləmələri, sənədləri və içərisindəki bütün məlumatlar üzərində, o cümlədən müəllif hüquqları, əmtəə nişanları və digər əqli mülkiyyət hüquqları da daxil olmaqla, Proqram Təminatına aid bütün hüquq, mülkiyyət və maraqları özündə saxlayır və qoruyur.
9.3. Əgər İcraçının əqli mülkiyyət hüquqları pozularsa, İcraçı bu Müqaviləni dərhal səbəb göstərərək ləğv etmək hüququna malikdir.
10. Məxfi Məlumat
10.1. Xidmət Müqaviləsinin icrası zamanı və ya icrası nəticəsində Tərəflərdən hər biri tərəfindən digər Tərəfə təqdim edilən, açıqlanan və ya bildirən bütün məlumatlar (istər şifahi, istərsə də yazılı formada təqdim edilməsindən asılı olmayaraq) məxfi məlumat hesab olunur (bundan sonra “Məxfi Məlumat” adlandırılacaq). Tərəflər belə Məxfi Məlumatdan yalnız Xidmət Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmək məqsədilə istifadə edə bilərlər.
10.2. Xidmət Müqaviləsinin qüvvədə olduğu bütün müddət ərzində və həmin müddətin bitməsindən sonra 5 təqvim ili ərzində, Tərəflər Məxfi Məlumatın tam məxfi saxlanmasını təmin edəcək və qarşı tərəfin əvvəlcədən yazılı razılığı olmadan, yalnız Məxfi Məlumata çıxışı olması zəruri olan işçilər və icraçılar istisna olmaqla, üçüncü şəxslərə Məxfi Məlumatı açıqlamayacaqlar.
10.3. Aşağıdakı hallarda Məlumatı qəbul edən tərəfin Məxfi Məlumatı açıqlamasına qadağa qoyulmayacaq: (i) əgər bu açıqlama mövcud Xidmət Müqaviləsi üzərində hüquqa malik olan məhkəmənin və ya hər hansı hökumət orqanının etibarlı qərarında tələb edilərsə və ya (ii) bu açıqlama qanunla tələb edilərsə, bir şərtlə ki, Məlumatı qəbul edən tərəf Məlumatı açıqlayan tərəfə əvvəlcədən yazılı bildiriş təqdim etmiş və məxfi məlumatların qorunması üçün mümkün səylərdən istifadə etmiş olsun.
10.4. Tərəflər Xidmət Müqaviləsinin ləğv edilməsi və ya qüvvədən düşməsi halında, digər Tərəfə aid bütün Məxfi Məlumatı dərhal və tam şəkildə geri qaytarmaq və ya məhv etmək öhdəliyini daşıyırlar.
11. Fors-major
11.1. Tərəflər Xidmət Müqaviləsi üzrə nəzərdə tutulan öhdəliklərin qismən, yaxud da tam icra edilməməsinə görə həmin öhdəliklərin fors-major, yaxud da həmin şəraitlərdə fövqəladə və qarşısıalınmaz qüvvənin nəticəsi olaraq baş verdiyi hallarda məsuliyyətdən azad edilirlər.
Xidmət Müqaviləsi çərçivəsində fors-major anlayışına aşağıdakılar daxildir:
• qarşısıalınmaz təbii fəlakətlər (yanğınlar, daşqınlar, zəlzələlər və s.);
• ictimai həyatla bağlı fövqəladə vəziyyətlər (hərbi əməliyyatlar, epidemiyalar, tətillər və s.);
• dövlət orqanlarının qadağanedici qərarları;
• tərəflərin nəzarətindən kənarda olan digər vəziyyətlər.
11.2. Fors-major vəziyyətinin təsirinə məruz qalmış və bunun nəticəsi olaraq, Xidmət Müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirmək iqtidarında olmayan tərəf bu kimi vəziyyətlərin başlandığı andan etibarən 7 (yeddi) iş günündən gec olmayaraq bu barədə digər tərəfə yazılı xəbərdarlıq etməyə borcludur. Fors-major hallarının baş verməsi barədə vaxtında bildiriş verməmə təsirə məruz qalmış Tərəfi bəraət qazanmaq məqsədilə həmin vəziyyətlərə istinad etmək hüququndan məhrum etmiş olacaqdır.
12. Xidmət Müqaviləsinin Müddəti
12.1. Bu Müqavilə
müddətsizdir və İcraçı tərəfindən istənilən vaxt dəyişdirilə və ya geri
çağırıla bilər. Müştəri tərəfindən ödənişin müəyyən edilmiş müddətdə həyata
keçirilməməsi bu Müqavilə üzrə Xidmətlərin dayandırılmasına səbəb olur.
12.2. Əgər Müştəri bu Müqavilənin hər hansı şərtlərinə və ya müddəalarına əməl etməzsə, İcraçı səbəb göstərərək Müştərinin Proqram təminatından istifadə hüququnu dərhal ləğv edə bilər.
12.3. Müqaviləyə hər hansı səbəbdən xitam verilməsi Tərəfləri xitam tarixinə qədər yaranmış və icra edilməmiş öhdəliklərdən azad etmir və Müştəri hər bir halda xitam tarixinədək İcraçı tərəfindən göstərilmiş xidmətlərə görə xidmət haqqını ödəməlidir.
13. Tərəflərin Məsuliyyəti
13.1. Müştərinin təqsirinə görə və ya Müştəri tərəfindən dəvət edilmiş üçüncü şəxslərin hərəkətlərinə görə əmələ gələn nasazlıqlar Müştərinin hesabına düzəldilir.
13.2. İcraçı, Proqram təminatı yerləşdirilən Müştərinin serverlərinin təhlükəsizliyinin pozulması hallarına görə, əgər bu hallar birbaşa İcraçıdan asılı olmayan səbəblərdən baş vermişdirsə cavabdehlik daşımır.
13.3. İcraçı, onun tərəfindən modifikasiya edilməmiş Proqram təminatından əmələ gələn nasazlıqlara görə məsuliyyət daşımır.
13.4. Xidmət Müqaviləsi üzrə xidmətlərin göstərilməsi nəticəsində yaranmış zərərin əvəzinin ödənilməsi barədə istənilən iddia ilə əlaqədar İcraçının məsuliyyəti İcraçının etinasızlığı və ya qəsdən törədilmiş, qeyri-qanuni hərəkətləri ucbatından faktiki zərərin məbləği ilə məhdudlaşır.
13.5. İstənilən halda, İcraçı dolayı zərərlərlə (gəlir itkisi, əldən çıxmış fayda və s.) bağlı məsuliyyət daşımayacaqdır.
14. Tətbiq olunan Hüquq və Mübahisələrin Həlli
14.1. Xidmət Müqaviləsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə tənzimlənir.
14.2. Tərəflər Xidmət Müqaviləsindən irəli gələn istənilən mübahisələri danışıqlar yolu ilə həll etməyə çalışacaqlar. Tərəflər qarşılıqlı razılıq əldə edə bilmədikləri halda, mübahisə, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə müvafiq olaraq, Azərbaycan Respublikasının müvafiq məhkəməsində həll edilir. Müqavilənin icra yeri Bakı şəhəridir.
15. Digər Şərtlər
15.1. Tərəflər Xidmət Müqaviləsi ilə əlaqədar bütün məlumatların gizli saxlanmasına görə məsuliyyət daşıyırlar, bu şərtlə ki, tətbiq edilən qanunvericilikdə başqa qayda nəzərdə tutulmasın.
15.2. Xidmət Müqaviləsinə hər hansı əlavə və ya dəyişikliklər yazılı şəkildə tərtib edildiyi və hər iki Tərəfdən imzalandığı təqdirdə hüquqi qüvvəyə malikdir.
15.3. Xidmət Müqaviləsinin hər hansı müddəasının, o cümlədən yeni normativ-hüquqi aktın qəbul edilməsindən irəli gələn etibarsızlığı, onun digər müddəalarının və bütövlükdə Müqavilənin etibarsızlığına gətirib çıxarmır.
15.4. Xidmət Müqaviləsi tərəflərin hər birinə bir nüsxə nəzərdə tutulmaqla, iki nüsxədə tərtib edilmişdir. Hər iki nüsxə bərabər hüquqi qüvvəyə malikdir. İki dil arasında ziddiyyət olarsa, müqavilənin Azərbaycan dilindəki mətni üstün tutulacaqdır.
15.5. Xidmət Müqaviləsi ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ-hüquqi aktlarla tənzimlənir.
